Crowdfunding
Current
Salam! Mən Əfsanə Yusif, «Roller Bird» nəşriyyatının təsisçisiyəm.
Biz uşaqlar üçün Azərbaycan dilində yüzlərlə illüstrasiyalı kitablar hazırlamaq istəyirik. Bunun üçün bizim istedadlı və təcrübəli komandamız və çoxsaylı ideyalarımız var.
İnkişafının ilkin mərhələsində olan bir çox işlər kimi bizim nəşriyyat da daha çox maliyyə tələb edir və başlanğıcda daha az gəlir gətirir.
Yeni yarandığımız üçün və hələ ki, sadəcə, bir kitab nəşr etdiyimizə görə hansısa böyük şirkətlərin bizə sərmayə qoyması onlar üçün riskli hesab olunur. Buna görə qərar verdik ki, ilk illik büdcəmizi kraudfandinq vasitəsilə toplayaq.
Bunun üçün ayrı-ayrı fərdlərə, iş adamlarına və şirkətlərə müraciət edirik.
Niyə belə əminliklə sizə müraciət edirik?
Birincisi, ona görə ki biz komanda olaraq öz biliyimizə, bacarığımıza və istedadımıza güvənirik.
İkincisi, uşaq kitablarının çox olması tək uşaqların təhsilinə deyil, həmçinin ölkədə digər kreativ sənayenin inkişafına təkan verir. Misal üçün, bizim yazdığımız hekayələr və nağıllar animasiya və uşaq filmləri üçün ssenari materialı ola bilər. Beləliklə, bizə dəstək olmaqla cəmiyyətdə zəncirvari təhsil və mədəni inkişafa sərmayə qoymuş olacaqsınız. Bu da, öz növbəsində, hamımızın həyatına təsir edəcək.
Nəşriyyat özü bir kreativ sənayedir, çünki kitablarımızın üzərində yazıçılar, rəssamlar, dizaynerlər çalışırlar. Deməli, siz həm də onlar üçün iş imkanı yaratmış olursunuz.
Kitablarımız ölkəmizdə fəaliyyət göstərən mətbəədə çap edilir. Bununla siz kiçik biznes sisteminin inkişafına dəstək olacaqsınız.
Biz bir il ərzində bu on kitabın üzərində işləyəcəyik:
İlk üç kitab Azərbaycanın təbiətinə aiddir. Birinci kitabın müəllifi Elvin Məmmədsoydur. Azərbaycanda ən çox yayılmış quşlardan bəhs edir.
İkinci kitab «Ən quşlar» adlanır. Zülfü Fərəcli bu kitabda Azərbaycanın ən sürətli, ən ağır, ən kiçik, ən az sayda qalan quşları haqda danışacaq.
Biz azyaşlı uşaqları da unutmamışıq. Onlar üçün Həmid Piriyevin «Cip-Cip gəzintidə» və Ülviyyə Məmmədovanın «İkimizdən biri» kitablarını təqdim edəcəyik.
Həmçinin iki nağıl da yazılmaqdadır: «Pələngin zolaqları» və «Qurbağa Motmut darıxırdı».
Elm və texnologiya ilə maraqlanan uşaqlar üçün Həmid Piriyev «İnsanın uçmaq arzusu» kitabını hazırlayacaq.
Fəlsəfə ilə maraqlanan uşaqlar üçün də kitabımız olacaq: «Erix Fromma görə, sevmək nə deməkdir?»
Və sonda «Dünya nağılları» toplusu hazırlanacaq. Bu topluda nağıllar iki dildə – həm Azərbaycan, həm də orijinal dildə veriləcək. Bu kitab uşaqlarda digər mədəniyyətlərə və dillərə maraq oyadacaq, həm də sehrli ab-hava yaradacaq. Qədim nağıllar bizim rəssamların illüstrasiyaları ilə yenidən canlanacaq.
Komandamız
- Yazıçılar:
Həmid Piriyev
Ülviyyə Məmmədova
Mirbağır İsmayılov
Əfsanə Yusif
- Təbiətlə bağlı kitabların müəllifləri:
Elvin Məmmədsoy
Zülfü Fərəcli
Abdin Abbasov
- Redaktor:
Fəridə Ziyadova
- İllüstratorlar:
Mahir Qafarov
Dina August
Sevinc Quliyeva
Firəngiz Bağırova
- Dizaynerlər:
Baş dizayner – Fərəh Əliyeva
Fidan Zeynallı
Leyla Mahmudlu
- SMM menecer:
Mələk Məmmədli
Minnətdarlıq
Çap etdirəcəyimiz hər kitabın içində dəstəkçilərin adları (istər ayrı-ayrı fərdlər olsun, istərsə də şirkətlər) qeyd olunacaq.
Şirkətlərin və təşkilatların loqosu kitabların arxasında, veb-saytımızda və sosial şəbəkələrdəki səhifələrimizdə dəstəkçi siyahısında veriləcək. Və kömək edənlərin hamısına kitab payı çatdırılacaq.
Əlavə olaraq, 1000 AZN + ianə edən şəxslərin ya özlərinin, ya da uşaqlarının təhsil aldığı məktəbin kitabxanasına 25 kitab hədiyyə olunacaq.
3000 AZN + ianə edən şəxslərin ya özlərinin, ya da uşaqlarının təhsil aldığı məktəbin kitabxanasına 25 kitab hədiyyə veriləcək. Eyni zamanda bizimlə əlaqə saxlayıb illik büdcəmizlə ətraflı tanış ola bilərlər.
5000 AZN + ianə edən şəxslərin həm özlərinin, həm də uşaqlarının təhsil aldığı məktəbin kitabxanasına 25 kitab hədiyyə göndəriləcək.
Bütün dəstəkçilərimizi kitablarımızın təqdimatında görməyə çox şad olarıq.
Öncədən hamınıza təşəkkür edirəm! İşlərinizdə bol-bol uğur arzu edirəm!
Təsisçi:
Əfsanə Yusif
Previous
Niyə tərcümə etmək yox, məhz orijinal kitablar yazmaq istəyirik?
Əlbəttə, digər dillərdən tərcümə olunan kitablar çox vacibdir. Onlar Azərbaycan dilinin zənginləşməsinə kömək edir və yeni biliklər gətirir.
Amma mən inanıram ki, cəmiyyətin keyfiyyəti o, özü nələrsə yaratmağa başlayanda dəyişir.
Azərbaycanda indi çox sayda istedadlı yazıçı, illüstrator, dizayner və kreativ sənayenin digər mütəxəssisləri var. Bu, o deməkdir ki, biz artıq özümüz çox keyfiyyətli məhsullar yarada bilərik. Beləliklə, biz Azərbaycan dilində kitablar yazıb illüstrasiya etməklə, həm uşaqlara əyləncəli şəkildə öyrənmək üçün vəsaitlər təqdim etmiş, həm də istedadlı mütəxəssislərə iş yerləri yaratmış oluruq.
Biz yerli konteksti daha yaxşı bilirik. Biz burada yaşayan insanlar, ənənələr, eləcə də buranın təbiəti haqqında daha yaxşı yaza bilərik.
İstəyirik ki, hər dəfə yeni kitablar çap edəndə uşaqlar həm yazıçılarla, həm də illüstratorlarla görüşə bilsin. Onlar da yazıçı və illüstratorun bir peşə olmasını öyrənsinlər və bu kitabın yaranma prosesiylə yaxından tanış ola bilsinlər.
Bundan əlavə, hamımız məktəb dərsliklərindəki mətnin keyfiyyətindən (mövzu, yanaşma, yaş kateqoriyası üçün sözlərin seçimi və s.) şikayət edirik. Düşünürəm ki, əgər bizim yazıçılarımız müxtəlif yaş qrupları üçün çox sayda mətnlər yazarsa, onda bu mütəxəssislərin inkişafı gələcəkdə bizim dərsliklərin keyfiyyətinə mütləq şəkildə təsir göstərəcək. Müasir zamanda bizim uşaq psixologiyası haqqında biliklərimiz də artır, amma dərsliklərin mətnləri çox vaxt köhnə nəsihət formasından qırağa çıxmır. Düşünürəm ki, uşaqların psixologiyası nəzərə alınaraq yazılan kitablar bu problemləri də tədricən həll etməyə kömək edəcək.
Uşaqlar üçün bədii ədəbiyyat yazmağımız həmçinin Azərbaycanda inkişafda olan animasiya sənətinə də kömək edəcək. Təsəvvürünüzə gətirin ki, biz yeni obrazlar yaradır, onun ətrafında hekayə qururuq, ssenaristlər və rejissorlar isə bu hekayələri öz üslubunda inkişaf etdirib yeni animasiya filmləri yaradırlar. Bu, möhtəşəm deyilmi?
Biz nələr haqqında kitablar yazmaq istəyirik?
İstəyirik 3-11 yaşlı uşaqlar üçün həm bədii, həm də qeyri-bədii kitablar yazaq. Bunlar bir dəfəyə oxumaq üçün 10-35 səhifəlik illüstrasiyalı kitablar olacaq.
Bədii kitablar insan emosiyalarına (qorxular, maraq, sevinc, kədər və s.) və münasibətlərinə (ailə, dostluq, sevgi, məktəbdəki münasibətlər, həkim müayinəsi, sinifdəki və ümumiyyətlə cəmiyyətdəki xüsusi uşaqlarla ünsiyyət və sair) həsr olunacaq.
Həmçinin uşaqlar üçün yeni nağıllar yazılacaq, köhnə nağıllar isə yeni adaptasiyada və yeni illüstrasiyalarla nəşr olunacaq.
Qeyri-bədii ədəbiyyat isə elm, təbiət, müxtəlif peşələr, maraqlı şəxsiyyətlərə həsr olunacaq.
Roller Bird şirkətinin planları hazırda nə yerdədi?
Videoda qeyd etdiyimiz kimi, biz öz hesabımıza 3 kitab yazıb illüstrasiya etmişik. Və hazırda onların çap edilməsinə çalışırıq.
Bu il bir şirkətdən 5 yeni kitab üçün maliyyə dəstəyi almışıq. Fevral ayından etibarən onların üzərində işləməyə başlayırıq.
Hazırda şirkət 15 yeni kitab hazırlanmasına maliyyə dəstəyi tapmaq üçün müxtəlif şirkətlərin və bankların Sosial Korporativ Məsuliyyət proqramına müraciət edir.
Kraudfundinqlə bağlı planlar
1800 man. yığdığımız təqdirdə biz bu vəsaiti Başı bəlalı doqquzuncu planet kitabının çapına sərf edəcəyik.
Əgər daha çox pul yığılarsa, biz bu kitabı həmçinin ingilis dilində çap edib, bir neçə nüsxəsini Plutonu planetlər sırasından çıxaran Mayk Brauna və onunla birgə doqquzuncu planeti axtaran Konstantin Batıginə göndərəcəyik, qalanını isə satışa çıxaracağıq.
Əgər bundan sonra da vəsait qalarsa, onu ikinci və üçüncü kitabımızın çapına sərf edəcəyik.
Kitab oxumaq nəyə lazımdır? Və illüstrasiyalar niyə vacibdir?
Oxumaq vərdişdi və bu vərdişin təməlini uşaqlıqda qoymaq daha rahatdır.
Azərbaycanda uşaqlar yaxşı texniki biliklərə və məntiqi bacarıqlara malikdir, amma, çox təəssüf, onlar əksər hallarda humanitar fənlərdə oxuduğu mətnləri anlamır və beləliklə, uşaqlarda nə oxumaq vərdişi yaranır, nə də düşünüb öz fikirlərini ifadə etmək bacarığı. Bunun əsas səbəblərindən biri uşaqlar üçün xüsusi mətnli və illüstrasiyalı kitabların yetərincə olmamasıdır.
Uşaqların konsentrasiyasını artırmaq çox vacibdir. Çünki istənilən biliyə və bacarığa yiyələnmək, hansısa ixtiralar etmək və ümumiyyətlə həyatı maraqlı, düşünülmüş və hissiyatlarına dayanıqlı şəkildə yaşamaq üçün insandan konsentrasiya tələb olunur. Konsentrasiya isə müasir dijital dünyada daha çətin əldə olunur. Biz hesab edirik ki, uşaqlarda kitab oxumaq vərdişini yaratmaq, onların konsentrasiya edilməsində vacib rol oynayacaq.
Bədii kitabların əsas məqsədi uşaqları dünyasını daha maraqlı etmək, onların təxəyyülünü inkişaf etdirmək, emosinal və intellektual inkişafına kömək etməkdir.
Uşaqlarda bədii düşüncənin və təxəyüllün inkişafı olduqca vacibdir, çünki bu onların tək emosional inkişafına deyil, hətta onlar gələcəkdə texniki səhadə çalışarkən belə onların ixtiraçı olmalarına təkan verir.
Biz bu yola özümüzə inanıb çıxmışıq, əgər siz də bizə inanırsınızsa, onda bizə dəstək olun!
Founder:
Afsana Yusif